III MDB Oyunlarında 3×3 basketbol üzrə 17 yaşlı oğlan və qızlar arasında yarışa start verilib.
A qrupunda yer alan Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyevdən ibarət seçməmiz Tacikistanı (21:13) və Qırğızıstanı (18:6) məğlub edib, Rusiyaya uduzublar (8:21). Qrupu ikinci yerdə tamamlayan yığmamız yarımfinala adlayıb. Onlar burada B qrupunu lider kimi tamamlayan Belarus ilə qarşılaşacaq. İkinci yarımfinal oyununda Rusiya və Özbəkistan üzləşəcək.
Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyevadan ibarət qızlar millimiz ilk matçda Özbəkistana (13:16) uduzsa da, ardınca Qazaxıstanı (20:5), Rusiyanı (19:18) və Belarusu (18:17) məğlub edib. Nəticədə dairəvi sistemlə keçirilən yarışda birinci olan Azərbaycan yığması yarımfinala adlayıb. Bu etapda seçməmiz Özbəkistan yığması ilə görüşəcək. Digər yarımfinalda isə Rusiya Belarus komandaları həlledici matça vəsiqə uğrunda mübarizə aparacaq.
Yarımfinallar, üçüncü yer uğrunda oyunlar və finallar bu gün 16:00-dan etibarən keçiriləcək.














