Bakıda keçirilən yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turnirinə yekun vurulub. Yarışın son günündə 30 ölkədən olan 35 qadın idmançı sərbəst proqram üzrə çıxış edib. Ümumi nəticələrə əsasən cənubi koreyalı Yuseonq Kim 185.99 xalla birinci, yaponiyalı Mayuko Oka 184.22 xalla ikinci, İsraildən Sofia Şifrin 176.95 xalla üçüncü yerə sahib çıxıb. Daha sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medalları Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və Federasiyasının Baş katibi Günel Bədəlova təqdim edib.

Qeyd edək ki, Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilib. Turnirdə 38 ölkədən 92 idmançı iştirak edib. Yarışda Azərbaycanı fiqurlu konkisürmənin tək konkisürmə növündə idmançılarımız Səbinə Əliyeva, Leyli Axundova və Arina Kaluqina, buz üstündə rəqs növü üzrə isə Anna Obrayn və Dreyk Tonq təmsil ediblər.