Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir. Bu gün ilk medal dəstləri sahibini tapacaq. Azərbaycan millisinin üç güləşçisi mükafatlar uğrunda mübarizə aparacaq. Ağır çəkidə (125 kq) 2024 olimpiadasının bürünc medalçısı, Avropa çempionu Giorgi Meşvildişvili dünya çempionu adını qazanmaq üçün final görüşünə çıxacaq. Onun rəqibi iranlı güləşçi, Tokio-2020-nin bürünc, Paris-2024-ün isə gümüş medalçısı Amir Hüseyn Zare olacaq. Maraqlıdır ki, buna kimi Meşvildişvilinin aktivində mundial medalı yox idi. İki idmançımız – Nurəddin Novruzov (61 kq) və Arseniy Cioyev (86 kq) bürünc medal üçün mübarizə aparacaqlar. Novruzov təsəlliverici mərhələdə ilk duelini Ekvador təmsilçisi Coşua Kramerə qarşı keçirəcək. Cioyevin rəqibi isə hələki məlum deyil.














