Bu gün Yüksək və Birinci liqalarda 2025/2026-cı illər mövsümünün püşkü atılıb. AFFA-nın inzibati binasında keçirilən tədbirdə çempionatlarla bağlı yeni qaydalar açıqlanıb. Yüksək liqada 6 komanda mübarizə aparacaq. Oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Bununla yanaşı elitada legioner limiti tətbiq olmayacaq. Sentyabrın 18-i başlayacaq liqanın ilk turunda son çempion “Araz-Naxçıvan” “Baku Fire” ilə, U-19 kollektivi “Şuşa” ilə, “Neftçi İK” isə debütant “Lənkəran”la üzləşəcək.
Birinci Liqada isə 10 komanda (“Baku Fire-2”, “STAR kargo”, “Atletiko Baku”, “Ulduz”, “Xan-Lənkəran”, “Trabzon-Azərbaycan”, “Dəstə Ordubad”, PFL, “Yeni Suraxanı”, “Timsport”) iştirak edəcək. Bir dövrədən ibarət olacaq dairəvi sistemin sonunda ilk 4-lükdə qərarlaşan kollektivlər pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi 4-cü, 2-ci yerdəki komanda isə 3-cü yeri ilə üz-üzə gələcək. Yüksək Liqadan fərqli olaraq aşağı liqada legionerlərlə bağlı limiti tətbiq ediləcək. Komandalar 4 həvəskar statuslu əcnəbini sifariş edə və oynada biləcəklər. Birinci Liqaya isə oktyabrın 9-da start veriləcək.


















