Azərbaycan Basketbol Liqasında 2025/26-cı illər mövsümünün nə zaman start götürəcəyi və reqlamenti məlum olub. Çempionat sentyabrın 28-də başlayacaq. Reqlamentə əsasən, liqa oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm çempionat yenə A və B qruplarına bölünməklə keçiriləcək. Ötən mövsümdə göstərdikləri yekun nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar aşağıdakı kimidir:

A qrupu: “Sabah”, “Neftçi”, “Şəki”, “Abşeron Lions”, NTD, “Gəncə”
B qrupu: “Naxçıvan”, “Ordu”, “Sərhədçi”, “Sumqayıt”, “Quba”, “Lənkəran”

Müntəzəm çempionatın A qrupunun oyunlarında meydanda 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməlidir. B qrupunun oyunlarında isə 15-ci tur daxil olmaqla 3 əcnəbi və 2 yerli basketbolçu, 16-cı turdan etibarən 4 əcnəbi və 1 yerli basketbolçunun parketdə olması mütləqdir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlayan və B qrupunu lider bitirən komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanan kollektivlər 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub ölkə çempionu adını qazanacaq.