Futzal üzrə UEFA Çempionlar Liqasında növbəti oyunlar baş tutub. Turnirin ilkin mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” F qrupu çərçivəsində ikinci matçını keçirib. Azərbaycan təmsilçisi Avstriyada Şotlandiyadan “PYF Saltayrs” klubu ilə qarşılaşıb və 7-2 hesablı qələbəyə sevinib. Xatırladaq ki, komandamız buna qədər Şimali İrlandiyanın “Sparta Belfast” kollektivini 9-1 məğlub edib. Hazırda “ağ-qırmızılar” F qrupuna liderlik edir. “Araz-Naxçıvan” növbəti matçını avqustun 30-da Avstriyadan “Luti Kraişniçi”yə qarşı keçirəcək. Reqlamentə əsasən, yalnız birinci yeri tutan komanda əsas mərhələyə yüksələcək.