Fransanın paytaxtı Paris şəhərində badminton üzrə dünya çempionatına start verilib. Azərbaycan ilk dəfə mundialda təmsil olunur. Baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında 4 kateqoriyada 6 idmançımız mübarizə aparır. Milli komandamızın lideri Edi Reski Dviçayo dünya çempionatına qələbə ilə başlayıb. Edi kişi badmintonçuların şəxsi yarışında dünya reytinq sıralamasında 19-cu olan Yaponiya bamdintonçusu Koki Vatanabeni məğlub edib – 2:0 (21:19, 21:18). Badmintonçumuz 1/16 finalda İndoneziya təmsilçisi Conatan Kristie ilə qarşılaşacaq. Digər badmintonçumuz Diki Divi Pangestu isə kişi badmintonçuların şəxsi yarışında Xorvatiya badmintonçusu Aria Dinataya 1:2 (16:21, 21:16, 14:21) hesabı ilə uduzub. Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Divi Pangestu tandemi ilk dueldə Sinqapur idmançıları Cunsuke Kubo-Vesley Koh cütünə 0:2 (9:21,13:21) hesabı ilə uduzub. Qadınların şəxsi yarışında Keişa Fatimə Zəhra 1/32 finalda braziliyalı Juliana Vieyra ilə qarşılaşacaq. Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi 1/32 finalda Almaniyadan Malik Bourakkadi-Leona Mixalski cütü ilə münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, dünya çempionatında Azərbaycan nümayəndə heyətini baş katib Ramil Hacıyev təmsil edir.














