“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu futbol tarixində dörd müxtəlif klub və milli komandanın hər birində 100 və daha çox qol vuran ilk oyunçu olub. 40 yaşlı dünya ulduzu bu göstəriciyə Səudiyyə Ərəbistanı superkubokunun finalında “Əl-Əhli”yə qarşı matçda nail olub. Honkonqda keçirilən oyunda penaltini dəqiq yerinə yetirən Ronaldu Ər-Riyad təmsilçisinin heyətində 100-cü qoluna imza atıb. “KriRo” “Real madrid”in heyətində 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, Portuqaliya millisində isə 138 dəfə fərqlənib. Əlavə edək ki, Səudiyyə Ərəbistanı superkuboku görüşünün əsas vaxtı 2-2 hesabı ilə bitib. Penaltilər seriyasında daha dəqiq olan “Əl-Əhli” titula sahib çıxıb.