Bolqarıstanın Samokov şəhərində təşkil edilən güləş üzrə U-20 dünya birinciliyi davam edir. Mundialın növbəti günündə daha 3 idmançımız qüvvəsini sınayıb. Onlardan 72 kq-da Zəhra Kərimzadə ilk mərhələdə, 82 kq-da yunan-Roma güləşçimiz Elmin Əliyev ikinci dueldə uduzaraq yarışı başa vurublar. Yunan-Roma güləşində digər təmsilçimiz, 60 kq-da mübarizə aparan Ayxan Cavadov təsnifat etapından etibarən bütün rəqiblərinə qalib gələrək finala adlayıb. O, həlledici dueldə ermənistanlı Yurik Mxitaryanla üzləşəcək.














