UEFA Çempionlar liqasının III təsnifat mərhələsində Şimali Makedoniya klubu “Şkendiya”nı iki oyunun nəticəsinə əsasən 6-1 hesabı ilə məğlub edərək turnirin pley-offuna vəsiqə qazanan təmsilçimiz “Qarabağ”ın bu etapda qarşılaşacağı komandanın adına aydınlıq gəlib. Ağdamlıların potensial rəqiblərinin görüşündə “Ferentsvaroş” Macarıstanda Bolqarıstandan “Ludoqorets”i qəbul edib. Birinci matçında 0-0 nəticəsi qeydə alınan duelin cavab üzləşməsində 3-0-lıq inamlı qələbə əldə edən “Ferentsvaroş” pley-offa adlayıb. “Qarabağ” Çempionlar liqasının əsas mərhələsi uğrunda görüşülərini 19 və 26 avqust tarixlərində keçirəcək. Son Azərbaycan çempionun ilk oyunu səfərdə olacaq. Qeyd edək ki, bu klublar 2022/2023 mövsümündə Çempionlar liqasının III təsnifat etapında üzləşiblər və o zaman Bakıda qeydə alınan 1-1-lik bərabərliyin ardından “Qarabağ” qonaq meydanda 3-1 hesablı qələbəyə sevinib.


















