Misli Premyer Liqasının 2025/26-cı illər mövsümündə I turun oyun cədvəli məlum olub. “CBC Sport”la canlı yayımlanacaq tura avqustun 15-i Şamaxı şəhər stadionunda start veriləcək. Saat 17:00-da start götürəcək matçda “Karvan-Yevlax” nominal ev sahibi kimi “Qəbələ”ni qəbul edəcək. Avqust 16-sı saat 17-də başlayacaq oyunda debütant “İmişli” Şamaxıda “Turan Tovuz”la üzləşəcək. 20:00-da isə “Neftçi” doğma meydanda “Şamaxı”nı sınağa çəkəcək. 17 avqust tarixində daha iki duel baş tutacaq. “Bank Respublika Arena”da “Sabah” son çempion “Qarabağ”la görüşəcək. Matçın start fiti saat 18:30 səslənəcək. 20:30-da başlayacaq oyunda isə “Sumqayıt” Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edəcək. Tura avqustun 18-i yekun vurulacaq. Saat 20:00-da “Zirə İdman Kompleksi”ndə “Zirə” və “Araz-Naxçıvan” qalib komandanı müəyyənləşdirəcək. Bütün oyunlar Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanacaq. “İmişli” klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək. “Qarabağ” UEFA Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə beynəlxalq oyun qaydalarına əsasən, “Sabah” – “Qarabağ” oyunu təxirə salınacaq.

















